Hörmətli tamaşaçı!

Milli dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus şərəfli yeri var. 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsinin imzalanmasından və demokratik dövlət quruculuğuna başlanmasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri də Azərbaycan Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınmasına nail olmaq, onun müstəqilliyinə və ərazi bütövlüyünə beynəlxalq təminat almaq idi. Məhz buna görə də 1919-cu ilin yanvarında yeni dünya düzəni formalaşdırmaq üçün çağırılmış Paris Sülh Konfransına Azərbaycan hökuməti də öz nümayəndə heyətini göndərib.

Ətraflı

Görkəmli hüquqşünas və diplomat Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi heyət Paris Sülh Konfransında iştirak edən dövlət başçıları və nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib, xalqımızın müstəqillik arzusu, bu yolda verdiyi qurbanlar barədə konfrans iştirakçılarını məlumatlandırıb, Azərbaycanın tanıdılması məqsədilə fəal təbliğat işi aparıb. Təxminən bir il aparılan fədakar mübarizə, nəhayət, öz nəticəsini verib: 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyi de-fakto tanınıb.

Təəssüf ki, bundan bir neçə ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsi ilə xalq cümhuriyyəti süquta uğrayıb, nümayəndə heyəti üzvlərinin Vətənə yolu bağlanıb və onlar ömürlərinin qalan hissəsini qürbətdə yaşamalı olublar. Nümayəndə heyətinin üzvləri istiqlal mücadiləsini bundan sonra da davam etdirib, ömürlərinin sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıblar. Lakin onlar Azərbaycanın müstəqilliyini görmədən qürbətdə torpağa tapşırılıblar.

Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra cümhuriyyət qurucularının tarixi xidmətləri öz layiqli qiymətini alıb. Ulu öndər Heydər Əliyev prezident kimi 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı Əlimərdan bəy Topçubaşovun və Ceyhun bəy Hacıbəylinin qəbirlərini ziyarət edib. Elə o vaxtdan da Parisdəki qərib məzarlar Azərbaycan dövlətinin qayğısı ilə səliqəyə salınıb, itib-batmaqda olan qəbirlər bərpa olunub.

“Əbədi ezamiyyət” sənədli filmi Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs edir.

Bu film xalqımızın müstəqillik tarixinin nisbətən qaranlıq qalan daha bir səhifəsinə işıq salır, azadlıq mücahidlərinin xatirəsinə Azərbaycan dövlətinin hörmət və ehtiramını göstərir.

Ümid edirik ki, filmə baxan hər kəs, xüsusən gənclərimiz xalqımızın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olacaq, Azərbaycanın dövlətçilik tarixi ilə qürur duyacaqlar.

“Əbədi ezamiyyət” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Nümayəndə heyəti müstəqil Azərbaycan dövlətinin məqsəd və məramını dünya liderlərinin diqqətinə çatdırıb, xalqımızın milli dövlət quruculuğu sahəsində gördüyü işlər barədə məlumat verib, bu müstəqilliyin dünya dövlətləri tərəfindən tanınması uğrunda mübarizə aparıb.

Ətraflı

Paris Sülh Konfransı 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb və bu mühüm uğur yanvarın 14-də Bakıda böyük bayram təntənələri ilə qeyd edilib.

Lakin bir neçə ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsindən sonra Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib və Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti Vətənə dönə bilməyib. Parisə müvəqqəti səfər əbədi ezamiyyətə çevrilib.

Bakı, Tbilisi, Moskva və Parisin arxivlərində saxlanılan sənədlər, eləcə də o dövrün kinoxronikası əsasında hazırlanan filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mücadilənin tarixi əks olunub.

Film, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir

Bu kitab-albomda Paris Sülh Konfransında iştirak etmək üçün 1919-cu ildə Fransanın paytaxtına ezam olunan Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən və mühacirətdə keçən keşməkeşli taleyindən bəhs olunur.

Eyni zamanda, burada müxtəlif səbəblərdən Fransada mühacir həyatı yaşamağa məhkum olunan digər soydaşlarımızın da qısa həyat hekayəti verilir, onların qərib məzarlarının qorunması üçün Azərbaycan dövlətinin gördüyü işlərdən söhbət açılır.

Albomu yüklə

22
Yanvar

Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçiriləcək.